AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi, İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlının Xalq qəzetində “İqlim dəyişikliyi qlobal təhlükəni şiddətləndirir” başlığı altında məqaləsi dərc edilib.
Müəllif dünyada gedən qlobal istiləşmə probleminə fiziki və kimyəvi proseslərin təsiri baxımından aydınlıq gətirib. Coğrafiyaçı mütəxəssis bildirib ki, miqdarı ilbəil artan karbon qazının istilik enerjisini tutub saxlaması hesabına planetimizin iqlimi tədricən istiləşir. Bundan başqa, Yer kürəsinin səthində mövcud olan yaşıl bitkilərin hamısında (otlarda, kollarda, ağaclarda, becərilən mədəni bitkilərdə və s.) fotosintez prosesi gedir və bu zaman atmosfer havasının tərkibindəki karbon qazı işlənir, yəni onun miqdarı azalır.
İstiləşməni digər amillər də şərtləndirir. Məsələn, təbii hadisələr sırasında yer alan zəlzələlərin də Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici və ya yavaşıdıcı təsiri olur. Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinin zəifləməsi onun səthində hər hansı bir sahə vahidinin günəşdən daha çox şüa enerjisi almasına şərait yaradır. Bu da son nəticədə qlobal iqlim dəyişmələrinə gətirib çıxarır.