2014-cü il, aprelin 30-da Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçirildi.
ACC-nin vitse-prezdenti, AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədov iclası giriş sözü ilə açaraq sonuncu qurultaydan keçən dövr ərzində həyatlarını dəyişmiş coğrafiyaçı alimlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi iştirakçılardan xahiş etdi. Sonra R.Məmmədov hesabat məruzəsində keçən 7 il ərzində həyata keçirilmiş layihə və konfranslar, Cəmiyyətin filialları, nəşrləri, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verdi.
Qurultayın proqramına uyğun olaraq çıxışlar dinlənildi. BDU-nun professoru, c.e.d. Neron Babaxanov coğrafi problemlərdən danışaraq Xəzər sahillərinin mənimsənilməsi zamanı dənizin səviyyə tərəddüdünü nəzərə alınmamasını xüsusi vurğuladı. BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d. Fərda İmanov çıxışında Cəmiyyətin maddi bazasının zəif olmasından söz açdı, maarifləndirmə işlərinin gücləndirilməsinin vacib olduğunu qeyd etdi. ADPU-nun coğrafiya fakültəsinin dekanı, c.ü.f.d. Mətanət Əsgərova ACC-nin universitetdəki fililalının fəaliyyətindən danışdı. Hidrometeorologiya Elmi-tədqiqat institutunun direktoru, c.e.d., professor Rza Mahmudov öz çıxışında rəyasət heyyətinə gənclərin seçilməsini və regionlarda koordinasiya məsələlərinin genişləndirilməsini təklif etdi. Daha sonra c.e.d., professor Çingiz İsmayılov, c.e.d., professor Şövqi Göyçaylı, f .ü.f.d., dosent Nazim Bababəyli, t.e.d., professor Məqsəd Qocamanov və s. coğrafiyafiyaçı alimlər məruzə ilə çıxış etdilər.
Sonra ACC-nin 17 nəfərdən ibarət yeni rəyasət heyəti seçildi. AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədov Coğrafiya Cəmiyyətinin prezidenti, c.e.d. Elbrus Əlizadə, c.e.d., professor Fərda İmanov və c.ü.f.d. Mətanət Əsgərova isə vitse-prezidenti vəzifəsinə seçildilər.
“Coğrafiya Cəmiyyətinin Xəbərləri” jurnalının yeni formatda təsis olunması barədə qərar qəbul edildi, yeni redaksiya heyəti seçildi.
Daha sonra ACC-nin saytının təqdimatı keçirildi. Qurultay iştirakçıları tərəfindən razılıqla qarşılanan və müsbət qiymətləndirilən saytın informasiya bazasının daha da genişləndirilməsi məsləhət görüldü.
Coğrafiya Cəmiyyətinin yeni loqosu müzakirələrdən sonra seçilib təsdiq olundu.
Yekunda qərar layihəsi səs çoxluğu ilə qəbul edildi.