AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda təcrübə keçən Almaniyanın Yustus Libix Universiteti tələbələrinin son səfərləri Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu, Qobustan Milli Tarixi-Bədii Qoruğu və Böyükşor gölünə olub.
Tələbələr beynəlxalq səviyyəli geoparkın yaradılması üçün potensial imkanları olan bu qoruqlara Coğrafiya İnstitutunun kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın və elmi işçi Nicat İmamverdiyevin müşayiəti ilə səfər ediblər. Burada onlar Azərbaycanın ən böyük vulkanı Torağay palçıq vulkanı və qoruq ərazisində yerləşən aktiv kiçik palçıq vulkanları ilə də tanış olublar. Qoruq bələdçisi tələbələrə palçıq vulkanlarının tarixi, tərkibi, müalicə turizmi məqsədilə necə istifadə olunacağına dair ətraflı məlumat verib. Qoruq ərazisində yerləşən muzeydə Azərbaycanda və dünyanın müxtəlif ölkələrindən gətirilmiş heyvan növlərinin skeletləri, eləcə də Azərbaycanda tapılmış ən qədim kərgədan skeleti ilə tanış olan tələbələr “Qobustan Milli Tarixi-Bədii Qoruğu”nda qədim divar rəsmləri, qaval daşı və bir çox maraqlı tarixi nümunələr haqqında da geniş məlumat alıblar.
Abşeron gölləri içərisində ən böyük su səthi olan və Abşeron yarımadasının mərkəzində yerləşən Böyükşor gölünə səfər edən xarici qonaqlara göl, onun ekoloji vəziyyəti, bərpası və mühafizəsi sahəsində görülən işlər haqqında geniş məlumat verilib.