Cİ əməkdaşı Polşada keçirilən vikipediya konfransında iştirak edib 2024-09-05 13:50:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova Polşada baş tutmuş beynəlxalq  “Vikimaniya Katovitsa – 2024” konfransında iştirak edib.

Katavitsa şəhərinin "Beynəlxalq Katavitsa Mərkəzi"ndə keçirilən tədbirdə 143 ölkədən 1200 vikipediya proqramçısı, istifadəçi və təlimçisi iştirak edib.

Konfrans çərçivəsində bir sıra seminarlar, təqdimatlar və müzakirə panelləri təşkil olunub. İstifadəçilər MediaViki proqram təminatında tətbiq edilmiş dəyişikliklər, yeni təhlil funksiyalarının tətbiqi ilə tanış olub, Vikimedia Fondunun yeni dizayn sistemi olan "Codex" ilə çalışmaq və vikimedia örtüklərinin hazırlanması sistemi üçün istifadəyə verilmiş yeni platformada işləmək bacarıqlarına yiyələniblər.

A.Aslanova konfrans zamanı yeni layihələrin həyata keçirilməsi və milli məzmunun zənginləşdirilməsi ilə bağlı müzakirələrə qoşulub, öz təcrübəsini digər iştirakçılarla bölüşüb. Tədbir müddətində Cİ əməkdaşı Vikipediyanın yaradıcısı  Jimmy Wales ilə görüşmək imkanı əldə edib, ona Azərbaycan xəritəsini və ölkəmizin mədəniyyətini əks etdirən suvenir hədiyyə edib.