AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - icraçı direktor dosent Zaur Imrani, şöbə müdiri c.ü.f.d. Solmaz Rzayeva, böyük elmi işçi c.ü.f.d. Samirə Abuşova və kiçik elmi işçi Nazim Gəraylı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda keçirilən IV Şagird Respublika Elmi-praktik Konfransının iştirakçısı olublar.
Konfransa S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şamaxı filialı, Quba Soyqırımı Memorial Kompleksi, AR Təhsil İnstitutu və AMEA-nın Şəki Regional Elmi Mərkəzi təşkilatçılıq ediblər.
Konfransda çıxış edən Z.İmrani təmsil etdiyi elmi müəssisədə ekoloji mühit, təbiətin qorunması sahəsində görülən mühüm işlərdən danışıb, şagirdlərin hazırkı konfrans vasitəsilə elmi araşdırmalara cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, bu konfransın gələcəkdə beynəlxalq miqyasda keçirilməsini məqsədəuyğun hesab edib.
Konfrans işini müxtəlif bölmələrdə davam etdirib. Coğrafiya bölməsində ekspert qismində iştirak edən İnstitut əməkdaşları şagirdlərin bilik və bacarıqlarını yoxlayaraq qiymətləndiriblər.