Lənkəran şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti və Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Qlobal iqlim dialoqu” adlı “dəyirmi masa” təşkil edilib.
LDU-nun rektoru professor Natiq İbrahimov tədbiri açaraq “dəyirmi masa”nın qlobal iqlim dəyişiliklərinin doğurduğu problemlərə həsr olunduğunu bildirib.
İnstitutunun baş direktoru professor Zakir Eminov çıxış edərək dünyada və rəhbərlik etdiyi müəssisədə bu sahədə görülən işlərdən söhbət açıb. O bildirib ki, müasir dövrdə iqlim dəyişikləri, qlobal istiləşmə dünya alimləri qarşısında duran bir nömrəli problemdir. Coğrafiya İnstitutunun əsas tədqiqat sahələrindən biri də məhz iqlimlə bağlıdır. COP29-la bağlı İnstitutda görülən işlərdən danışan müəssisə rəhbəri bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransa hazırlıq işlərinin getdiyini, ona qədər isə bu mövzuda qonaqların iştirakı ilə bir neçə elmi seminarın keçiriləcəyini diqqətə çatdırıb. Alim onu da qeyd edib ki, İnstitutun əməkdaşı, şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Bakıda keçiriləcək COP 29 qlobal iqlim tədbirinə qatılacaq.
Sonra mövzu ilə əlaqədar tədbir iştirakçılarının məruzələri dinlənilib. Xəzər dənizinin səviyyə problemi şöbəsinin müdiri, c.e.d., professor Səid Səfərov “Qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri”, Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri c.e.d., dosent Nəriman Paşayev “Əhalinin gələcəyi naminə yaşıl enerjidən istifadənin əhəmiyyəti”, Tibbi coğrafiya şöbəsinin müdiri, c.ü.f.d. Solmaz Rzayeva “Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan xəstəliklər və onların tibbi-coğrafi əsasları”, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi dosent Səidə Zeynalova “Azərbaycanın su ekosistemlərində gərgin ekoloji vəziyyət (Kür, Tərtər çayları və Acınohur gölü timsalında)”, İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Həsən Nəbiyev “İqlim dəyişmələri və onun Azərbaycanda təzahürləri”, İqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçisi Cəmilə Əhmədova “Müasir iqlim dəyişmələri şəraitində güclü istilər” mövzularında məruzə ediblər.
Sonda xatirə hədiyyələri və son elmi nəşrlər təqdim edilib.