Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş turnir başa çatıb 2024-05-07 18:19:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dama idman növü üzrə təşkil edilən fərdi yarışın qaliblərinin təltif edilmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru professor Zakir Eminov qeyd edib ki, indi ölkəmizin hər yerində Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə müxtəlif tədbirlər keçirilir, ömrünü  ölkəsinin, xalqının rifahına həsr etmiş bu dahi şəxsiyyətin şərəfli həyat yolu vərəq-vərəq sıralanır, böyük siyasətçilər, dövlət xadimləri üçün örnək ola biləcək fəaliyyəti dönə-dönə yad edilir.

Söz alaraq çıxış edən Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri dosent Habil Haqverdiyev Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, onun dünya siyasətindəki rolundan bəhs edib.

Sonra İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı turnirin təşkili məsələləri, onun uğurla başa çatması, qaliblərə təltiflərin təyin edilməsi barədə iştirakçılara məlumat verib.

Yarışın nəticələrinə görə I yerə mühasib Rəna Məmmədova,  II yerə İnstitutun icraçı direktoru Zaur İmrani,  III yerə aparıcı elmi işçi Ülkər Mahmudova,  IV yerə kiçik elmi işçi Nazim Gəraylı layiq görülüblər. Böyük elmi işçi Ceyhun Qasımov “Ən maraqlı oyunçu” kimi təltif olunanlar sırasında olub.  Qaliblərə pul mükafatı və təltifnamə  təqdim edilib.