Coğrafiyaçı alimlər Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər 2024-04-22 17:48:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun

baş direktoru professor Zakir Eminov və icraçı direktor dosent Zaur İmrani Qazaxıstanın Pertopavlovsk şəhərində Şimal Qazaxıstan Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbiət elmlərinin aktual problemləri” XII Beynəlxalq elmi-praktiki konfransında iştirak ediblər.

Zakir Eminov “Azərbaycanın Aran ərazisində su ehtiyatlarından səmərəli istifadə”, Zaur İmrani isə “İstehsal sahələrinə innovativ modern yanaşmanın ekoloji-coğrafi aspektləri” mövzularında məruzə ediblər.

Səfər zamanı coğrafiyaçı alimlər həmçinin  “Ekoloji-coğrafi tədqiqatlar” Beynəlxalq elmi-praktiki seminarında “Azərbaycan Respublikası regionlarında əhali məskunlaşmasının tənzimlənməsi yolları” (Z.Eminov) və “Dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modeli” (Z. İmrani) adlı mövzularda çıxışlar ediblər.

Bununla yanaşı coğrafiyaçı alimlər Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya ailm və mütəxəssislərindən ibarət işçi qrupun tərkibində dəyirmi masada elmi əməkdaşlıq, dissertasiya işlərinin müdafiəsində xarici alimlərin cəlb olunması, elmi-tədqiqatların mübadiləsi, beynəlxalq konfransların birgə təşkili və məqalələrin çapı, kadr hazırlığı siyasəti və digər məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

 Daha sonra Coğrafiya İnstitutunun əməkdaşları “Coğrafiya və ekologiya” kafedrasının elmi və pedaqoji fəaliyyəti ilə yaxından tanış olublar, şəhərin Botanika bağında, “Batır xan” muzeyində, İşim çayının səviyyəsinin qalxması ilə əlaqədar yerli mütəxəssislərlə bərabər subasma zonasında yarana biləcək problemlərlə yaxından tanış olublar. Səfər həm elmi, həm də praktiki cəhətdən səmərəli keçib.