Coğrafiya İnstitutunun yeni nəşri işıq üzü görüb 2024-04-06 14:13:00 / YENİ NƏŞRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Object-Based Analysis for Risks and Disasters Assessment: Tutoring on Geo-Environmental Contexts of Azerbaijan” (Risklərin və fəlakətlərin qiymətləndirilməsi üçün obyekt əsaslı təhlil: Azərbaycanın Geo-Ekoloji Kontekstləri) adlı yeni nəşri işıq üzü görüb.

Kitabın müəllifləri Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və Avstraliyanın Macquarie Universitetinin elmi işçisi c.ü.f.d., professor Əliəkbər Rəsulidir.

 Monoqrafiyada Azərbaycan Respublikasında geoekoloji risk və fəlakət məsələlərinə aydınlıq gətirən OBİA (Obyekt Əsaslı Şəkil Təhlili) üzrə praktiki dərsliklər toplusu və onların tətbiqi üsulları təqdim edilir. OBİA kontekstini başa düşmək üçün eCognition proqramının sınaq versiyalarından istifadə edilir və hər bir vəsait iş prosesini təfərrüatlı şəkildə izah edir ki, bu da mütəxəssis üçün olduqca vacibdir. Kitabda həmçinin Azərbaycan coğrafiyası domeninə uyğunlaşdırılmış Landsat, Sentinel təsvirləri və ALOS-Palsar məlumatları ilə əlaqəli nəhəng alətlər paneli və onların funksiyaları ilə tanış olmaq mümkündür.

Yanaşmaların müxtəlifliyinə baxmayaraq, monoqrafiyada peyk təsvirlərinin təhlili və xəritəçəkmə məşqləri də verilir, aerokosmik məlumatlardan istifadə etmək üçün peşəkar mütəxəssislərə lazım olan bir sıra bacarıq və biliklərə malik olmaları izah edilir.