Coğrafiya İnstitutu Elmi şurasının iclası olub 2024-03-07 12:44:00 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası olub.

İnstitutun baş direktoru professor Zakir Eminov gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra direktor müavini, dosent Zaur İmrani məktəb dərsliklərinin hazırlanması ilə bağlı çıxış edib. O təqdim edilən Coğrafiya 6 (1-ci hissə) və Coğrafiya 7 (1-ci hissə) kitablarının çapı üçün, həmçinin Coğrafiya fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin şağırdləri üçün yazılan dərsliklərin məzmunu və onlarda şağırdlərə verilə biləcək bilik və bacarıqlar olduqca aşağı səviyyədədir.

Müəssisə rəhbəri Z.Eminov bildirib ki, dünyada yeni dərsliklərin və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara əsaslanır. Azərbaycan da bir qayda olaraq dünya elminə inteqrasiya etməyə çalışır və bəzi sahələrdə buna nail olur. Dərsliklərin yazılması dünya praktikasına əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental prizmadan baxılmalıdır. Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir.

Bu baxımdan təqdim edilən kitablara müsbət rəy verilməməsi və bu barədə DİM-ə və AR Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara alınıb.

Sonra doktorant Zakir Quliyevin dissertasiya mövzusunun dəyişdirilməsi, c.ü.f.d. Elnur Səfərovun monoqrafiyasının çapa təqdim edilməsi və s. kimi cari məsələlərə baxılıb.