Coğrafiya İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilib 2024-02-26 17:58:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azad Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoyublar, qətliam qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Anım tədbiri İnstitutun akt zalında  davam edib.

Bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar edilib, rəhmət dilənib.

 İnstitutun baş direktoru professor Zakir Eminov çıxış edərək Xocalı soyqırımının XX əsr dünya tarixinin ən qəddar soyqırım aktı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi şəkildə və ya tək-tək  də olsa onları qırmağa çalışmış, doğma torpaqlarından didərgin salmışlar. Və bütün bunları havadarlarının dəstəyi ilə həyata keçirmişlər. Bizim isə tarixdən nəticə çıxarmaq borcumuzdur.

İnstitut rəhbəri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatı nəticəsində Qarabağın şəhər və yaşayış məntəqələri kimi Xocalı da işğaldan azad edildi və burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Bununla da Xocalı qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.

Sonra HİT sədri Kamran Ramazanlı “Tarixin ibrət dərsi – Xocalı! ” mövzusunda məruzə edib. O, çıxışında Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun, 2008-ci ildə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına start verən fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna rolunu xüsusi qeyd edib.  

Anım tədbirində şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Şamil Əzizov və Müseyib Yunusov, aparıcı elmi işçi, c.ü.f.d. Etibar Bədəlov və digərləri çıxış ediblər.

Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.