AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzi (BTİ BMMTM) arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən elmi seminardan sonra İnstitutun konfrans zalında dəyirmi masa təşkil olunub.
Tədbirdə rus alimləri elmi diskussiyaya zamanı tərtib etdikləri müsahibə bələdçisindən (interview guide) istifadə edərək müasir dövrümüzdə coğrafiya elmi sahəsində olan qabaqcıl tendensiyalar və yaranan problemləri qarşılıqlı konteksdə öyrənməyə çalışıblar. Onlar həmçinin, Azərbaycanda coğrafiya elminin yaradıcıları, İnstitutun aparıcı alimləri, yeni nəşr olunmuş elmi monoqrafiyalar, dərslik və atlaslar ilə yaxından tanış olublar.
Səfərin üçüncü günü rusiyalı qonaqlar üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər təşkil edilib. Muzeydə onlar insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələrindən bəhs edən incəsənət nümunələrinə baxıb, Böyük Daş, Kiçikdaş, Cingirdağdakı Yazılı təpə, Şonqar və Şıxqaya dağları ilə bağlı maraqlı məlumatlar əldə ediblər.