Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib 2024-01-22 11:22:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib.

Öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş olunub.

İnstitutun baş direktoru professor Zakir Eminov hər il xalqımız tərəfindən dərin hörmət və ehtiram hissi ilə qeyd edilən anım gününün əhəmiyyətindən danışıb. Qeyd edilib  ki, o qanlı 20 Yanvar gecəsindən 34 il ötməsinə baxmayaraq, illər ötdükcə biz əziz canlarını azadlıq uğrunda vətənə bağışlamış qəhrəman övladlarımızın bu qurbanının dəyərini daha aydın dərk edir, bir daha anlayırıq ki, “Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir!” ifadəsi böyük mənada nə deməkdir! Vətənimizin bütövlüyünə gətirib çıxaran 20 Yanvar hadisələri nə qədər acı, hüznlü  olsa da dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi oldu. Bir daha hamıya, hər kəsə aydın oldu ki, heç bir qüvvə xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Şəhidlərimizin qanı yerdə qalmadı, - biz onların qanını döyüş meydanında aldıq.

20 Yanvar faciəsi ilə bağlı təəssüratlarını bölüşən şöbə müdirləri, professor Rza Mahmudov, c.ü.f.d. Habil Haqverdiyev, böyük elmi işçi, c.ü.f.d. Etibar Bədəlov, İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev və başqaları Azərbaycan tarixində qara ləkə olan bu matəm gününü təkcə faciə kimi deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq, əyilməzlik, mütiliyə, zorakılığa qarşı barışmazlıq nümunəsinin nümayişi kimi qiymətləndiriblər.