Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi üzrə mütəxəssisləri - şöbə müdiri, professor Əmir Əliyev və c.ü.f.d. Elnur Səfərov Qazaxıstanın “Dayazlaşan Xəzər: 10 ildən sonra dənizin aqibəti necə olacaq?” adlı sənədli filminin çəkilişində iştirak ediblər.
40 dəqiqə davam edən filmdə Xəzər dənizinin tarixi, sahilyanı əraziləri, ətrafında köç salmış insanlar, toponimikası, yeraltı sərvətləri, heyvanat aləmi və s. haqqında geniş məlumat verilir.
Filmdə azərbaycanlı alimlər Xəzərin səviyyəsinin dəyişkənliyi, onun səbəbləri, sahilyanı ərazilərdə yaşayan insanlara təsiri və s. kimi məsələlərə aydınlıq gətiriblər.
Bildirilib ki, sahilyanı ölkələrin hər biri ayrı-ayrılıqda dənizi öyrənirlər. Amma bu ölkələrin iştirakı ilə mərkəzləşdirilmiş monitorinq sisteminin yaradılması Xəzərdə gedən prosesləri daha dərindən təhlil etməyə imkan yaradar.