AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib 2023-09-29 15:03:00 / MÜHÜM HADİSƏLƏR

Sentyabrın 29-da AMEA-nın Əsas binasında Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının təşkilatçılığı ilə “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının sədri Elmin Sadıqov, Türkiyənin Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Milli Məclisin üzvləri, ali və orta təhsil müəssisələrinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.

Sonra qardaş Türkiyənin əldə etdiyi uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli bildirib ki, çoxəsrlik dövlətçilik tariximizin şanlı səhifələrini yaşadığımız bugünlərdə ordumuz Qarabağda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması kimi tarixi missiyanı yerinə yetirdi.

Bir il öncə məhz bu gün Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladan akademik İsa Həbibbəyli qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə və dünyada Ulu Öndərlə bağlı keçirilən tədbirlər, çap olunan nəşrlər Ümummilli Liderin zəngin irsi ilə yanaşı, Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğinə, Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə və genişlənməsinə xidmət etmişdir.

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin bu gün özünün ən yüksək dövrünü yaşadığını deyən akademik İsa Həbibbəyli bu münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərinin dayandığını bildirib. Qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün qardaşlığın, birliyin, həmrəyliyin nümunəsinə çevrilib.

AMEA prezidenti diqqətə çatdırıb ki, ötən bir il ərzində Ulu Öndərin 100 illiyi bütün dünyada, xüsusilə Türkiyədə yüksək səviyyədə, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100 illiyi isə ölkəmizdə ən ali səviyyədə qeyd olunub və davam etməkdədir. Akademik İsa Həbibbəyli AMEA-da da Ulu Öndərin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini, dövlətlərimizin uğurunun bütün elmi platformalarda alimlərimiz tərəfindən təbliğ olunduğunu vurğulayıb.

Ümummilli Liderin Azərbaycanın taleyində müstəsna rol oynadığını və xilaskarlıq missiyası ilə dövlətimizin müstəqilliyini qoruyub saxladığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, həmçinin Mustafa Kamal Atatürk Türkiyəni xarici düşmənlərdən təmizləyərək müstəqil dövlətlər sırasına qoşub.

“Ötən 100 ildə Türkiyə böyük inkişaf yolu keçərək dünyanın aparıcı və söz sahibi ölkələrindən birinə çevrilib. Xüsusilə son 22 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyində iqtisadiyyatı güclü, NATO üzvü kimi dünyanın ən güclü ordularından birinə malik, hərbi sənayesi inkişaf etmiş, dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Eyni zamanda Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin liderliyində çox böyük inkişaf yolu keçib, Ulu Öndərin atdığı təməllər üzərində sürətlə inkişaf edən güclü dövlətə çevrilib”, - deyə AMEA rəhbəri bildirib.

Vətən müharibəsində qardaş Türkiyə xalqının və liderinin Azərbaycana verdiyi dəstəyi xatırladan natiq həmin dəstəyin, həmçinin sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirləri zamanı Rəcəb Tayyib Ərdoğanın BMT kimi dünyanın ən ali kürsüsündən “Qarabağ Azərbaycan torpağıdır” deməsinin son illərdə Azərbaycan və Türkiyə Prezidentlərinin liderliyində yaşadığımız tarixi epoxanın ən önəmli anlarından olduğunu deyib.

Sonra Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının sədri Elmin Sadıqov rəhbərlik etdiyi platformanın “Heydər Əliyev İli” çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. Azərbaycan tarixində 16-cı əsrdə Şah İsmayıl Xətainin, 18-ci əsrdə Nadir şahın, 21-ci əsrdə isə Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım çıxışında AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Görkəmli dövlət xadiminin vaxtilə Türkiyə parlamentindəki çıxışlarını, həmçinin Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışında Ümummilli Liderin ona qarşı göstərdiyi diqqəti, Atatürkə, Türkiyəyə qarşı sevgisini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin liderliyində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini deyən Şamil Ayrım bildirib ki, “Qarabağ Azərbaycandır” və qardaş Türkiyə daim bizim yanımızdadır: “Heydər Əliyevin yetişdirdiyi lider bu gün Qafqazda tarix yazır və bundan sonra da Azərbaycana qarşı təhdid dili ilə danışanlar “Dəmir yumruğ”un gücünü görəcəklər”.

Tədbirdə, həmçinin Türkiyənin Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Akademiyanın Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı və başqaları çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığından, ölkələrimizin son illərdə əldə etdiyi uğurlardan danışıb, bu birliyin dünya var olduqca davam edəcəyini söyləyiblər

https://science.gov.az