Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri açaraq 27 sentyabr tarixinin Azərbaycanı həlledici, şərəfli qələbəyə aparan yolun başlanğıcı olduğunu qeyd edib. O bildirib ki, cəmi 44 günə qəhrəman Azərbaycan ordusu öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi. Vətəni öz canından üstün tutan, özünü hər an qurban verməyə hazır olan qəhrəman oğullarımız 30 illik Qarabağ həsrətinə son qoydular. Minlərlə şəhid verdik, oğullarımız şəhidlik zirvəsinə qürurla ucaldılar.
Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Qarabağ hadisələrinə həsr etdiyi “Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabının təqdimatı ilə çıxış edib.
Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən kitabın elmi redaktoru coğrafiya elmləri doktoru Zakir Eminov, rəyçilər coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər İsmayıl Quliyev və Zaur İmranidir.
Sözügedən monoqrafiya R.Fətəliyevin sayca 3-cü kitabıdır. Günün tələbinə uyğun publisistik, elmi-publisistik yazıları ilə dövri mətbuatda və internet saytlarında mütəmadi çıxışlar edən müəllif bildirib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutduğu bu kitabda son illərdə Qarabağa dair dərc olunmuş yazıları toplanıb. Burada 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və inkişaf perspektivləri haqqında düşüncə və təklifləri, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr və s. haqqında maraqlı yazılar təqdim edilir.
Kitab haqqında fikirlərini bildirən şöbə müdirləri, c.ü.f. doktorları Müseyib Yunusov, Habil Haqverdiyev və başqaları çıxışlarında geniş oxucu kütləsinin marağına səbəb olacaq və oxunaqlı dildə yazılan bu kitabın elmi əhəmiyyətini xüsusi qeyd ediblər.