Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Beynəlxalq və İctimaiyyətlə Əlaqələr” şöbəsinin əməkdaşı, azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova gənclər və idman naziri Fərid Qayıbovun gənclərlə görüşündə iştirak edib.
Tədbirdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.
Nazir özünün dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşündə onların qazandıqları uğurlar, iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıb.
Aida Aslanova çıxış edərək, vikipediya sahəsində gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib. Son səfəri – Sinqapurda keçirilmiş Beynəlxalq "Wikimaniya 2023" konfransı haqqında danışarkən, A.Aslanova onun təklifi ilə 2024-cü ildə nəzərdə tutulan türkdilli dövlətlərin vikipediyaçılarının növbəti zirvə görüşünün Bakıda keçiriləcəyini xüsusilə qeyd edib. Natiq çıxışının sonunda vikipediyaçılara verdiyi dəstəyə görə nazirə öz təşəkkürünü bildirib.
Görüşdən sonra A.Aslanova Space radiosuna vikipediya və Sinqapur səfəri haqqında müsahibə verib.