Coğrafiya İnstitutunun əməkdaşı “Vikimaniya” konfransında iştirak edib 2023-08-30 15:43:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Vikipediya qrupunun rəhbəri Aida Aslanova 4 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində Sinqapurda keçirilən beynəlxalq “Vikimaniya” konfransında Azərbaycanı təmsil  edib.

Hər il keçirilən beynəlxalq Vikimaniya konfransının əsas məqsədi vikipediyaçıları görüşdürmək, onların bir-birlərinin vikipediyadakı gələcək planları haqqında informasiya əldə etməyə şərait yaratmaqdır.

Təmsilçimiz konfrans müddətində 10-dan çox vikimediya layihəsinin təlimlərində iştirak edib,  fikir mübadilələri aparıb, türkdilli dövlətlərin görüşündə yeni layihə ideyası  ilə çıxış edib.  Milli geyimdə ölkəmizi təmsil edən qrup rəhbəri  Vikipediyanın yaradıcısı Jimmi Uels ilə xatirə fotosu çəkdirib.   

Qeyd edək ki, A.Aslanova AR Gənclər və İdman Nazirliyi  və Azərbaycandilli vikipediyada fəaliyyət göstərən  Azərbaycan vikimediyaçıları istifadəçi qrupunun gənc vikipediyaçılar üçün təşkil etdiyi yay düşərgəsində təlimçi qismində iştirak edib. Lənkəran Olimpiya İdman Kompleksində 4 gün davam edən düşərgədə gənclər müxtəlif  vikimedia layihələri üzrə təlim və seminarlar vasitəsi ilə Vikipediya, Vikiverilənlər, Vikianbar və s. mövzular üzrə biliklər əldə ediblər.

Tədbirin təşkilatçıları bağlanış mərasimində A.Aslanovaya sertifikat təqdim edərək düşərgənin təşkilindəki fəaliyyətinə görə  ona minnətdarlıq bildiriblər.