S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika elmi-praktik konfransı keçirilib.
Konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyi, Respublika humanitar fənlər gimnaziyası, AMEA-nın Şərqşünaslıq İnstitutu, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.
Konfransda Coğrafiya İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, böyük elmi işçisi Etibar Bədəlov, aparıcı elmi işçi Hicran Tahirova və kiçik elmi işçi Bəyimxanım Hüseynova iştirak ediblər.
S.C.Pişəvəri adına gimnaziyasının direktoru İlqar Talıbov salamlama nitqi ilə çıxış edərək müəssisədə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyətindən, şagirdlərin beynəlxalq tədbirlərdə uğurlarından və s. danışıb.
Zakir Eminov çıxışında bildirib ki, belə tədbirlərdə şagirdlərin iştirakı onlarda sərbəst düşüncə qabiliyyətinin inkişafına kömək edir, gənclərin ictimai fəallığının, təşkilatçılıq qabiliyyətinin formalaşmasında müsbət rol oynayır, onları elmi axtarışlara sövq edir. Bu baxımdan bugünkü konfransın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Baş direktor konfransda iştirak edən şağirdlərin mükafatlandırılmasının onları elmə həvəsləndirən amil olduğunu diqqətə çatdırıb, bu yolda onlara dəstək olmağın ali təhsil və elm müəssisələrinin borcu olduğunu qeyd edib.
Konfrans öz işini fənlər üzrə bölmələrdə davam edib. Zakir Eminov coğrafiya bölməsinin sədri olub. Konfransda 82 şagird öz elmi işini təqdim edib.
Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlər müvafiq dərəcəli medallar, diplomlar və qiymətli hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatla təltif olunublar.