Görkəmli coğrafiyaşünas alim, tanınmış okeanoloq, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Coğrafiya İnstitutunun sabiq direktoru Ramiz Məmmədovun vəfatından 2 il ötür…
Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Elmi fəaliyyətə 1973-cü ildə Coğrafiya İnstitutunda başlayıb. 1976-1980-cı illərdə Moskva Okeanologiya İnstitutunda aspirant olub, 1980-ci ildə orada namizədlik, 1996-cı ildə isə Tiflisdə doktorluq dissertasiyalarını müdafiə edib. Hər iki mövzu Xəzər dənizinə həsr edilib. 1980-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat birliyində «Xəzər Elmi Tədqiqat Stansiyasının» rəisi vəzifəsində işləyib. 1989-cu ildə yenidən Coğrafiya İnstitutuna qayıtmış, əvvəlcə «Xəzər Dənizi Problemləri Mərkəzinin» müdiri, 1994-cü ildən isə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib, 2012-ci ildən ömrünün sonunadək İnstitutun direktoru vəzifəsində çalışıb.
R.M.Məmmədov Xəzər dənizinin hidrometeorologiyası, hidrofizikası, səviyyə dəyişməsi, turbulent mübadiləsi və ekologiyasını öyrənən, Azərbaycanda və dünyada tanınmış aparıcı alimlərdəndir. 300-dən çox elmi məqalə, 9 monoqrafiya və 1 atlasın müəllifidir. R.Məmmədov Xəzər dənizinin kompleks hidrometeoroloji atlasını hazırlayıb çap etdirib.
Akademik R.Məmmədov ilk dəfə Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikalarını öyrənmiş, dənizdə çirkləndiricilərin yayılması və paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən edib. Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki parametrlərin dəyişkənliyinin təsirini geniş diapazonda tədqiq edib.
O bir neçə dəfə Sakit və Atlantik okeanlarında elmi tədqiqat işləri aparmış, Xəzər dənizində aparılan 20-dən çox elmi tədqiqat ekspedisiyasına rəhbərlik edib. 1980-84-cü illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası üzvü olan ölkələrin «Dünya Okeanı» problemi üzrə təşkilatının idarə heyətinin üzvü olub. 1999-cu ildən Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün yaratdığı Ekoloji Mərkəzin prezidenti olub. 2003-cü ildən Coğrafiya İxtisası üzrə Dissertasiya Şurasının sədri, 2005-ci ildən AMEA-nı Xəzər Dənizi Üzrə Problem Şurasının sədri olub . Bir neçə Beynəlxalq Elmi şuranın (Moskva, Tiflis, Alma-Ata) sabiq üzvüdür.
R.Məmmədov Xəzər dənizinə aid ona qədər beynəlxalq layihənin rəhbəri və icraçısı olmuş, beynəlxalq elmi-tədqiqat fondlarının bir neçə qrantını alıb. Dünyanın 50-yə qədər ölkəsində (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə və s.) keçirilmiş beynəlxalq simpozium, konfrans və seminarların təşkilatçısı və iştirakçısıdır. 2016-cı ildə prezident İlham Əliyev tərəfindən Dövlət Mükafatı Laureatı Fəxri adına layiq görülüb.
Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!