AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, c.ü.f.d. Zaur İmrani və kiçik elmi işçi Bəyimxanım Hüseynova şagirdlərin 19-cu Beynəlxalq coğrafiya olimpiadasında (iGeo) iştirak etmək üçün seçmə imtahanına hazırlıq dərslərində yaxından iştirak ediblər.
Ölkə komandasına seçmə imtahanı mayın 27-də, hazırlıq dərslərinə ev sahibliyi etmis “Fortis Academy”də keçirilib. İmtahanda Respublika fənn olimpiadalarının yuxarı yaş kateqoriyasının qalibləri və təhsildə qrant müsabiqələri çərçivəsində qalib gəlmiş "Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına hazırlıği" layihəsinin müdavimləri iştirak edib. Sınaq imtahanında şagirdlərə 50 sualdan ibarət qapalı və açıq testlər təqdim edilib.
19-cu Beynəlxalq coğrafiya olimpiadası bu il, avqustun 8-dən 15-dək İndoneziyanın Bandunq şəhərində keçiriləcək. Yaşar Seyidəliyevin rəhbərliyi ilə iGeo-da ölkəni təmsil edəcək komanda 16-19 yaşlı gənclərdən ibarət olacaq. Qeyd edək ki, “Fortis Academy”nin şagirdi Murad Qarayev 2022-ci ildə həm Respublika fənn olimpiadalarının gümüş medalına, həm də eGeo-nun bürünc medalına sahib çıxmışdır.