AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.e.d. Səid Səfərov APA-ya verdiyi müsahibəsində bu gün günorta saatlarında Bakının bəzi hissələrinə leysan xarakterli yağış yağmasının, digər yerlərində havanın mülayim, yağmursuz və günəşli olmasının səbəbini açıqlayıb.
Alim bildirib ki, bu təbiət hadisəsi bəzi topa-yağış buludların üfüqi ölçülərinin kiçik olması ilə bağlıdır: “Bunlar atmosferdə konveksiya ilə əlaqədar olan topa-yağış buludlardır. Yaranma mexanizmi, özək quruluşu və inkişaf dinamikasından asılı olaraq topa yağış buludları bir neçə növə bölünür: tək özəkli, çoxözəkli və superözəkli konvektiv buludlar. Çoxözəkli və superözəkli buludlar daha böyük ölçülərə malik olmaqla geniş ərazilərdə intensiv leysan yağıntılarına, dolu düşməsinə və hətta daşqın və sel keçməsinə səbəb olur. Bu gün Bakının bir sıra yerlərində yağan yağışlar isə kiçik ölçülü tək özəkli buludlarla əlaqədar olduqlarından lokal xarakter daşımışlar. Həmin buludlar keçdiyi yerdə qısa müddətli güclü leysana səbəb olsa da, qonşu ərazilərdə yağıntılar müşahidə olunmaya da bilər”.
O qeyd edib ki, bu cür yağışların yağmasının iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur: “İqlim dəyişikliklərindən əvvəl də belə hallar olub”.