Azərbaycan Coğrafiya Cəmiyyəti və T.C. Ege Üniversitəsi Ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri (2-5 may, 2017-ci il) çərçivəsində Türkiyəli qonaqlar mayın 4-də Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şamaxı rayonuna səyahət ediblər.
Onlar yol boyu landşaftların müxtəlifliyini müşahidə edərkən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qonaqlara ərazinin landşaft müxtəlifliyi haqqında məlumat vermişdir. Türkiyəli qonaqlara ən çox təsir edən mənzərələrdən biri Acıdərə çayı yaxınlığında Bakı-Şamaxı yolu üzərindəki türk əsgərinin məzarı olmuşdur. Xatırladaq ki, bu əsgər məzarı 1918-1920-ci illərdə azərbaycanlıları ermənilərin qırğınından qorumaq üçün Azərbaycana gəlmiş və canını qurban vermiş qəhrəman türkün abidəsidir. Bu qəbrin bərpası və dövlət tərəfindən qorunması xəbəri Türkiyəli qonaqları çox mütəəssir etmişdir.
Şamaxı şəhərindəki məscidi ziyarət etdikdən sonra qonaqlar Pirquluya, Y. Məmmədəliyev qəsəbəsinə gediblər. Burada Şamaxı astrofizika rəsədxanasında olmuş, səma cisimlərini müşahidə etmiş, rəsədxananın fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlar həmçinin, Coğrafiya İnstitutunun Pirqulu Biocoğrafi Stasionarında da olaraq görülən işlərlə maraqlanmış, stasionarın fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sonra Türkiyəli coğrafiyaşünaslar dağlara doğru yüksəkliyə - Avaxlı kəndinə qədər qalxaraq yaxşı vəziyyətdə olan meşələri gəzmişlər. Şox qısa, təqribən 150 km-lik bir məsafədə landşaft tiplərinin yarımsəhradan enliyarpaqlı dağ meşələrinə qədər dəyişməsi onları heyrətləndirmiş, xatirələrində silinməz izlər buraxmışdır.
Səfərin sonunda Türkiyəli qonaqlar Birinci Azərbaycan-Türkiyə Günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Coğrafiya Cəmiyyətinə, xüsusən də onun rəhbəri, akademik Ramiz Məmmədova öz minnətdarlıqlarını bildirmiş, gələcəkdə də belə tədbirlərin hər iki dövlətdə təşkil olunmasının vacibliyini qeyd etmişlər.