2023-cü il mayın 8-də Daşkənd şəhərində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan coğrafiya cəmiyyətlərinin rəhbərləri tərəfindən Türk Dövlətlərinin Coğrafiya Şurasının (TDCŞ) yaradılması haqqında Saziş imzalanıb.
Əsas məqsəd türkdilli ölkələr arasında innovasiya, ekologiya, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə ölkəmizi Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) sədri, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov və ACC-nin mətbuat katibi, Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə təmsil ediblər.
Toplantının moderatoru, Türk Şurası Baş katibinin müavini Mirvohid Azimov və Özbəkistan Coğrafiya Cəmiyyətinin rəhbəri Oybek Norinbayev salamlama nitqində TDCŞ-nin əsas vəzifəsinin türkdilli ölkələr arasında coğrafiya, diyarşünaslıq və əlaqəli elmlər sahəsində birgə tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə elmi nailiyyətlərin geniş yayılması, ekoloji problemlərin müəyyən edilməsi və onların aradan qaldırılmasında fəal iştirak etmək üçün səylərin birləşdirilməsindən ibarət olduğunu qeyd ediblər.
Azərbaycan təmsilçisi M.İsmayılov çıxış edərək yeni təsis edilən şuranın yaranmasına çoxdan ehtiyac olduğunu dilə gətirib, dili bir, dini bir, mədəniyyətləri çox oxşar olan türkdilli dövlətlərin coğrafiya şurasının cəmiyyətə, elmin, iqtisadiyyatın inkişafına verə biləcəyi töhfələrdən danışıb. Daşkənd şəhərini türk mədəniyyətinin mərkəzi hesab etdiyinə görə Şuranın baş qərargahının məhz bu şəhərdə yerləşməsinin ilk təşəbbüskarı olduğunu diqqətə çatdırıb. Natiq türkdilli dövlətlərin milli, mədəni, elmi, dini dəyərlərini yüksək tutaraq gələcəkdə özümüzün “Nobel mükafatının” təsis edilməsinin mümkünlüyünə də diqqəti çəkib.
İsmayılov çıxışının sonunda Türk Dövlətlərinin Coğrafiya Şurasının baş katibi vəzifəsinə Oybek Norinbayevin namizədliyini irəli sürüb.
Sonra çıxış edən digər ölkələrin nümayəndələri yeni yaradılan şuranın türk coğrafiyasının zəngin təbii və mədəni irsini təbliğ etməklə insanlar arasında əlaqələrin dərinləşdirilməsi, elm, təhsil və innovasiya sahələrində bilik və təcrübə mübadiləsi, turizm əməkdaşlığının təşviqi üçün mühüm platforma rolunu oynayacağını qeyd ediblər. “QazaqGeography” Respublika İctimai Birliyinin İdarə Heyətinin sədri Orman Nurbayev Qazaxıstanın Şuranın yaradılması haqqında verdiyi təşəbbüsü dəstəklədiklərinə görə iştirakçılara minnətdarlığını bildirib.
Təsis Məclisinin yekunlarına əsasən Özbəkistan Coğrafiya Cəmiyyətinin rəhbəri Oybek Norinbayev 3 il müddətinə Türk Dövlətlərinin Coğrafiya Şurasının sədri seçilib.