Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və digər əməkdaşlar iştirak ediblər.
İnstitutun baş direktoru, akademik Akif Əlizədə Elmi şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış edib. Sonra “Qafqaz-Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili (2020-2023)” mövzusunda akademik Fəxrəddin Qədirovun və Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminovun məlumatları dinlənilib. Alimlər mövzuya uyğun olaraq Xəzər dənizinin su səthinin dinamikası, atmosfer dəyişilikləri və digər aktual elmi yöndə son illərin nəticələrini təqdim ediblər.
“Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri (2021 2023)” mövzusunda f.-r.e.d. Qalina Martınovanın təqdimatı maraqla qarşılanıb. Məruzəçi müalicəvi və yanacaq təyinatlı Azərbaycan xam neftindən səhiyyədə istifadə üsullarını, Naftalan neftinin mikrobioloji xüsusiyyətlərini, ümumiyyətlə, naftalanoterapiya istiqamətində tətbiq olunan neftin tərkibi barədə məlumat təqdim edib. Mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.
Sonra kadr hazırlığı haqqında y.e.ü.f.d. Səadət Ələkbərova məruzə edərək bildirib ki, 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasını müvəffəqiyyətlə başa vurmuş I və II kurs magistrantları attestasiyadan keçiblər. Attestasiya GGİ-nin icraçı direktoru, AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə aparılıb.
S.Ələkbərova “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti və digər işlər barədə attestasiya üzrə komissiyanın qərarını Elmi şuraya təqdim edib və sənəd təsdiq edilib.
İclasın sonunda Geologiya və Geofizika İnstitutu üzrə elmi-populyar kitabların nəşrə tövsiyəsi məsələsinə baxılıb və üç adda kitabın bu il çap edilməsi qərara alınıb.