AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, prof. Əmir Əilyev Qərbi Kaspi Universitetinin Xəzər Dənizi Problemləri Elmi-Tədqiqat Mərkəzinin Şirvan Milli Parkı ərazisinin Xəzəryanı ərazisində yerləşən təcrübə bazasında ezamiyyətdə olub.
Səfərin əsas məqsədi gələcəkdə görüləcək işləri müzakirə etmək, iki müəssisə arasında birgə elmi əməkdaşlıq imkanlarını nəzərdən keçirmək olub. Tədbirdə həmçinin AMEA-nın Zoologiya İnstitutunun və Milli Aviasiya Agentliyinin alimləri də iştirak ediblər. Prof. Ə. Əliyev Xəzər dənizinin müasir dövrdə əsas problemləri haqqında məruzə edib. Milli Parkın dənizsahili ərazisində (Bəndovan burnu) dəniz səviyyəsinin son illərdə enməsi ilə əlaqədar sahil zonasında baş verən geomorfoloji proseslər müşahidə edilərək çoxsaylı məlumatlar foto və video aparatının yaddaşına köçürülüb.
Coğrafiyaçı alim ezamiyyə müddətində həmçinin Ekologiya və Təbii Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinin işi ilə də yaxından tanış olub. O bildirib ki, 2013-cü ildə Salyan rayonunun Xıllı qəsəbəsi ərazisində inşa edilmiş Kompleksdə sutkada 5000 ton dəniz suyu emal edərək duzsuzlaşdırılır və bu sudan ərazinin suvarma işlərində geniş istifadə edilir.