Moskvalı qonaqlar Coğrafiya İnstitutunda olublar 2023-03-15 19:09:00 / MÜHÜM HADİSƏLƏR

Başda rektor Rüstəm Şagiyev olmaqla, Moskva Neft Qaz Biznesi İnstitutunun 25 nəfərdən ibarət müəllim və tələbə heyəti  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

 Giriş sözü ilə qonaqları salamlayan İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov onların İnstituta ikinci gəlişi olduğunu yada salaraq 2021-ci ilin noyabrında MNQBİ nümayəndə heyətinin iştirakı ilə görüş-seminar keçirildiyini diqqətə çatdırıb. Belə görüşlərin əhəmiyyətindən danışan baş direktor elmi səfərlərin institutlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını və institutlar arasında birgə fəaliyyət istiqamətində memorandum imzalamaq üçün əsas verdiyini  xüsusi vurğulayıb.  Z.Eminov həmçinin neft-qaz sənayesinin Azərbaycanın iqtisadiyyatında rolu, onun Azərbaycanda müasir vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın demoqrafik problemləri  haqqında məruzə ilə çıxış edib.

Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, c.e.d., dosent  Sitarə Tarixazər qonaqları salamlayaraq  son bir ildə Coğrafiya İnstitutunda görülən işlər barədə  məlumat verib, 2022-ci ilin Şuşa ili elan edilməsi ilə əlaqədar İnstitut kollektivinin hazırladığı nəşrlərdən, Qarabağ mövzusunda keçirilən konfransdan, Qəbələ səfərindən, və 2023-cü - Heydər ili ilə əlaqədar planlaşdırılan tədbirlərdən söhbət açıb.

Bakıda olmasından məmnunluğunu dilə gətirən MNQBİ-nin rektoru R. Şagiyev Azərbaycana gəlişinin səbəbini açıqlayıb və Azərbaycanın neft-qaz  istehsalı sahəsində böyük təcrübəyə malik olduğundan həmin təcrübədən yararlanmaq məqsədilə Bakıya səfər etdiklərini diqqətə çatdırıb. O bildirib ki, gələn nümayəndələr burada təlimlər keçəcək, Neft-Qaz İnstitutunda olacaq, Balaxanı neft yataqlarına baş çəkəcək, Qobustan Milli Tarixi-Bədii Qoruğuna səfər edəcəklər.

İnstitutun icraçı direktor müavini v.i.e., c.ü.f.d., dosent Zaur İmrani, şöbə müdirləri, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Nəriman Paşayev çıxış edərək Azərbaycanda neft biznesinin inkişafı, neft sektorunun turizmə təsiri, iqtisadi şərait haqqında fikirlərini bildiriblər.

Sonda iki müəssisə arasında memorandum imzalanması barədə qərar qəbul edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024