AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Vikipediya qrupunun rəhbəri Aida Aslanova İsveçin Bakıdakı səfirliyi, ADA Universiteti və Azərbaycan Wikimediya Könüllüləri İB ilə birlikdə Universitetin Kommunikasiya və rəqəmsal media proqramı əsasında Vikipediyada gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində birgə həyata keçirilən tədbirdə təlimçi qismində iştirak edib.
8 Mart ərəfəsində “Viki Gap” layihəsi çərçivəsində baş tutan tədbirin məqsədi Vikipediyada təmsil olunan qadınların sayını artırmaq və interneti daha gender bərabərli şəbəkəyə çevirmək olub. İnstitut əməkdaşının keçdiyi təlim nəticəsində tələbələr Vikipediyanın mürəkkəb və əsas alətlərindən istifadə edərək məqalələrin yaradılması, fotoşəkillərin Vikianbara (Wikimedia Commons) yüklənməsi, eləcə də informasiyanın düzgün və kütləvi şəkildə Vikiverilənlər (Wikidata) məlumat bazasına daxil edilməsini öyrəniblər.
Sonda A.Aslanovaya İsveçin Azərbaycandakı səfiri tərəfindən sertifikat təqdim edilib.