Tələbələr Coğrafiya İnstitutunda təcrübə keçirlər 2023-03-06 16:11:00 / MÜHÜM HADİSƏLƏR

Ali təhsil müəssisələrinin tələbələri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Bakı Dövlət Universiteti ilə Cİ arasında bağlanmış əməkdaşlıq müqaviləsinə  əsasən Universitetin 55 nəfər coğrafiya, 9 nəfər isə ekologiya fakültəsinin tələbəsi, eləcə də Qərbi Kaspi Universitetinin meşəçilik ixtisası üzrə təhsil alan 17 tələbəsi  istehsalat təcrübəsi toplamaq üçün Coğrafiya İnstitutuna gəlib.

Məqsəd təhsil müəssisəsində tələbələrin əldə etdikləri biliklərin  təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması, elmə olan marağın artırılmasıdır.

Tələbələrin müəssisə ilə ilk tanışlığı  coğrafiyaçı alimlərlə görüş zamanı baş tutub. Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov  təcrübənin proqramı, görüləcək işlər barədə tələbələrə məlumat verib, onlara uğurlar arzulayıb.

İnstitutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova Coğrafiya İnstitutunun yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, coğrafi problemlər, elmi nailiyyətlər  və sairləri əhatə edən geniş təqdimatla çıxış edib.

Sonra coğrafiya elmləri doktoru Sitarə Tarixazər təbii risklər, sürüşmələr, sel hadisələri, onların qarşısını alma üsulları və s. haqqında tələbələri məlumatlandırıb.

Təcrübə müddəti 16 fevral - 25 aprel  tarixlərini əhatə edir. Hazırda təcrübəçi tələbələr 6-8 nəfərlik qrupa bölünərək şöbələrin iş prinsipləri, laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olur, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024