“Şuşa inzibati rayonunun coğrafiyası...” kitabının təqdimatı olub 2023-03-03 16:57:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Şuşa inzibati rayonunun coğrafiyası: təbii şəraiti və sosial-iqtisadi inkişaf potensialı” kitabının təqdimatı olub.

İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov təqdimatla çıxış edərək bildirib ki, İnstitutun hazırladığı Şuşa rayonunun coğrafıyasından bəhs edən kitab Şuşa ilinə həsr edilib. O deyib ki, XX əsrin sonlarında ermənilər  Qarabağı Ermənistana birləşdirmək uğrunda mübarizəyə  başladılar. Az vaxtda, 1988-1993-cü illərdə Qarabağ və ətraf ərazilər işğal edildi, on minlərlə vətəndaş həlak oldu, əsir alındı, itkin düşdü, yerli əhali məcburi köçkün kimi didərgin salındı, ölkənin müxtəlif yerlərinə səpələndi, xarici ölkələrə miqrasiya etməli oldu. 30 ilə yaxın davam edən siyasi vasitələrlə həll etmək cəhdləri nəticə vermədiyinə görə 2020-ci il sentyabrın 27-də Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi başlandı və Şuşanın azad edilməsi ilə başa çatdı.

Qarabağın inzibati rayonları arasında özünəməxsusluğu ilə fərqlənən Şuşa rayonunun coğrafıyasına həsr edilmiş kitabda  onun fiziki və iqtisadi coğrafiyası, toponimiyası, demoqrafik inkişaf potensialı, turizmin inkişaf yollan haqqında məlumatlar toplanıb, onların idarə edilməsi imkanları təhlil olunub.

12 fəsildən ibarət kitabın hər fəsli haqqında ayrı-ayrılıqda müfəssəl məlumat verən İnstitut rəhbəri aparılan təhlillərin Şuşa inzibati rayonunun öyrənilməsi, onun sosial-iqtisadi, mədəni inkişaf yollarının müəyyən edilməsi üçün əhəmiyyətli mənbə olacağını diqqətə çatdırıb.

Sonra tədbirdə iştirak edən, Qarabağ hadisələrinə həsr olunmuş onlarla kitabın müəllifi Nazim Tapdıqoğlu söz alaraq Şuşa şəhərinin qısa tarixi - yaranması, süqutu, toponimikası, ermənilər tərəfindən işğalı, 44 günlük müharibə nəticəsində qəhrəman ordumuz tərəfindən azad olunması, Şuşanın alınmasında iştirak edən hərbçilər və s. haqqında çıxış edib.

Coğrafiya elmləri doktorları Səid Səfərov, Çingiz Gülalıyev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Ənvər Əliyev, İnstitut Həmkarlar Təşkilatının sədri, Habil Haqverdiyev  və başqaları da çıxış edərək yeni nəşrdən çıxmış kitab haqqında  fikirlərini bölüşüblər.