1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda maarifləndirici tədbir keçirilib.
İlk əvvəl tədbir iştirakçıları Türkiyədə dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev hər il 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün konkret bir problemə həsr edildiyi kimi, 2023-cü ilin 1 mart ÜMM gününün “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusuna həsr edildiyini diqqətə çatdırıb. N.Mustafayev bu günün və ümumilikdə, mülki müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışarkən əsas məqsədin baş verə biləcək fövqəladə hallar zamanı müdafiə üsullarının öyrənilməsi, ekstremal hallarda müəyyən olunmuş davranış qaydalarına əməl edilməsi, eləcə də ilkin tibbi yardımın göstərilməsi qaydalarının mənimsənilməsi və s. olduğunu vurğulayıb.
Diqqəti qardaş Türkiyədə on minlərlə insanın məhvinə səbəb olan dağıdıcı zəlzələyə çəkən qərargah rəisi heç bir ölkənin təbii fəlakətlərdən sığortalanmadığını və bu səbəbdən mütəmadi olaraq mülki müdafiə sahəsində tədbirlərin keçrilməsinin vacibliyini qeyd edib.
Tədbir iştirakçıları onlara paylanmış məlumat xarakterli əyani vəsait, fövqəladə hallar zamanı davranış qaydaları ilə tanış olublar, mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.