AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk ərazi partiya təşkilatının iclası keçirilib.
İlk əvvəl qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bugünkü tədbirin Coğrafiya İnstitutunun YAP ilk ərazi partiya təşkilatının sabiq sədri Bibixanım İbrahimovanın dünyasını dəyişməsi ilə əlaqədar təşkilata yeni sədr və müavin seçilməsinə həsr edildiyini diqqətə çatdırıb. İşlədiyi müddətdə B.İbrahimovanın ictimai-siyasi fəaliyyətini müsbət dəyərləndirən B.Nəbiyev Allahdan ona rəhmət diləyib. Çıxışçı regionda yaranmış yeni reallıqlar, Azərbaycan xalqının Qarabağ uğrunda gedən 44 günlük müharibədə qazandığı qələbənin mahiyyəti, Coğrafiya İnstitutunun YAP ilk ərazi partiya təşkilatının Yeni Azərbaycan Partiyası rayon təşkilatında oynadığı rolundan söhbət açıb. Çıxışının sonunda partiya sədri Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovu İnstitut YAP ərazi partiya təşkilatının sədri vəzifəsinə, Məhbubə Fətullayevanı isə sədr müavini vəzifəsinə namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.