AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun illik tədbirlər planına uyğun olaraq müəssisənin mülki müdafiə dəstələri ilə “Fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda “Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib.
Məşqi keçirməkdə məqsəd fövqəladə halların qarşısının alınması, hadisə baş verərsə, “Toplanış” və “Xəbərdarlı” siqnalı alındığı zaman şəxsi heyətin davranış qaydaları təcrübısinin artırılması, bacarıqların təkmilləşdirilməsi, hazır vəziyyətə gətirilməsinin öyrənilməsidir.
İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev AR Prezidentinin “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barəsində Fərmanını və AR Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi” haqqındakı Qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhlükəli hallar zamanı İnstitut mülki müdafiə dəstələrinin rəhbər heyəti tərəfindən Mülki müdafiə planınına uyğun hərəkət etmələrini tövsiyə edərək baş verəcək təhlükəli halların aradan qaldırılmasında görüləcək işlər haqqında məlumat verib.
Son zamanlar yanğın hadisələrinin artdığını vurğulayan N.Mustafayev fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında təlimat verib, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydalarının sxemi üzrə hərəkət edilməsinin vacibliyini qeyd edib. Ümumi təlimatlardan danışan qərargah rəisi fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.
Mövzu ətrafında çıxış edən İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, şöbə müdirləri, c.e.d. Səid Səfərov və Müseyib Yunusov, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov bildiriblər ki, hər bir vətəndaş istər yaşayış, istərsə də iş yerində ayıq-sayıq olmalı, şübhəli vəziyyətlərdə xoşagəlməz halların baş verməməsi üçün hadisələrə çevik müdaxilə etməyə hazır olmalıdır. Onlar həmçinin qeyd ediblər ki, İnstitut daxilibdə təhlükəsizlik kameralarının quraşdırılması məqsədəuyğun olar.
Məşq zamanı yanğından müdafiə qaydalarını əks etdirən qısametrajlı video çarxlar nümayiş etdirilib.