Afinada keçirilmiş Beynəlxalq elmi konfrans 2013-10-14 16:08:00 / TƏDBİRLƏR

İnstitutun “Azərbaycanın əhalisi və sosial inkişafı” şöbəsinin aparıcı elmi işçisi Rövşən Kərimov oktyabrın 9-dan 11-nədək Yunanıstanın Afina şəhərində keçirilən Enerji və İqlim Dəyişmələri adlı 6-cı Beynəlxalq Elmi Konfransda iştirak etmiş,

“Azərbaycan: iqlim dəyişiklikləri şəraitində təmiz enerjiyə keçid” adlı məruzə ilə çıxış etmişdir.  Konfransda MDB, Avropa, Qara Dəniz ətrafı və Qafqaz regionlarının 12 ölkəsinin enerji siyasəti üzrə milli hesabatları, həmçinin 20-yə yaxın ölkədən gəlmiş mütəxəssislərin məruzə və çıxışları dinlənilmişdir.

R.Kərimov öz çıxışında Azərbaycan ərazisində havanın orta illik və aylıq temperaturları üzrə qeydə alınmış dəyişiklikləri, ölkənin “enerji tutumu” və “karbon tutumu” göstəricilərini  təhlil etmiş, ölkənin energetika sənayesinin ətraf mühitin çirklənməsindəki rolu, çirkləndiricilərin kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumat vermişdir. Məruzəçi Azərbaycanın davamlı inkişafında enerji sahəsində mütərəqqi dəyişikliklərin baş verməsinin zəruriliyini qeyd etmiş, müstəqillik illərində bu istiqamətdə aparılan siyasət, qəbul olunmuş mühüm dövlət sənədləri barədə, Azərbaycan ərazisində daha təmiz olan günəş və külək enerjisindən istifadənin imkanları, üstünlüklərini əsaslandırmış, həmçinin bu sahədə ölkədə görülmüş və planlaşdırılan işlər haqqında məlumat vermişdir. Məruzəçinin çıxışı maraqla dinlənilmiş, verilmiş suallara ətraflı cavablar alınmışdır.