AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Kəmalə Zeynalova “Bakinski raboçi” qəzetinə Qarabağın turizm potensialı barədə müsahibə verib.
Alim bildirib ki, hər hansı bir ərazi daxilində turizm və rekreasiya ehtiyatlarının olması müəyyən regionda turizmin inkişafının əsas şərti, onun bir növ əsası hesab olunur. Bu baxımdan Qarabağ regionu turizmin inkişafı üçün xüsusi əhəmiyyətə malikdir və o gələcəkdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təminatçısı ola bilər.
K.Zeynalova Qarabağ bölgəsinin dünya əhəmiyyətli tarixi-mədəni-arxeoloji abidələrinin, flora və faunasının zənginliyinə, mürəkkəb və rəngarəng landşaft quruluşuna, ölkəmizin su ehtiyatlarını artıran 150-dən artıq böyüklü-kiçikli çaylarının mövcudluğuna və digər səbəblərə görə onun turistlər üçün cəzbedici olduğunu diqqətə çatdırıb.