Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Regional Dialoqun İnkişafı və Planlaşdırılması üzrə Azərbaycanda Milli Təşəbbüs Qrupunun dördüncü toplantısı keçirilib.
“Qafqazda Adaptiv Bacarıqların Gücləndirilməsi” layihəsi çərçivəsində “Azərbaycan bölgələrinin turizm-rekreasiya rayonlaşdırılması” mövzusuna həsr olunmuş tədbiri keçirməkdə məqsəd Qafqaz cəmiyyətini təmsil edən müxtəlif maraqlı tərəfləri üçün alimlər, dövlət qulluqçuları və iş adamlarından ibarət vahid platforma yaratmaq olub. Toplantıda Milli Təşəbbüs Qrupu, Davamlı Qafqaz Təşkilatı, Dövlət Turizm Agentliyi, Dövlət İdarəçilik Akademiyası və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edib.
İclasa sədrlik edən İnstitutun şöbə müdiri, coğrafiya elmləri doktoru Rza Mahmudov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra turizmin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti, Azərbaycanda turizmin inkişafı və s. haqqında məlumat verdikdən sonra çıxış üçün sözü Davamlı Qafqaz Təşkilatının Azərbaycan üzrə nümayəndəsi, t/e.ü.f.d. Fuad Bağırova verib. Çıxışçı təmsil etdiyi təşkilat, onun məqsəd və fəaliyyəti, keçirdiyi tədbirlər, eləcə də gələn ilin iyun ayında Gürcüstanın Kutaisi şəhərində keçiriləcək İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklən Beynəlxalq forum haqqında məlumat verib.
Milli Təşəbbüs Qrupunun həmsədri, AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvi İslam Mustafayev çıxış edərək, Kutaisidə keçiriləcək Beynəlxalq forumun əhəmiyyəti, Azərbaycanın orada fəal iştirakının vacibliyi və Regional Ekoloji Mərkəzin fəaliyyəti haqqında danışıb.
Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani “Azərbaycanın regionları Turizm-rekreasiya rayonlaşdırılması”, İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d., dosent Məmməd Sadıqov “Azərbaycanda kənd və çöl turizminin inkişafının zəruriliyi”, ADU-nun dosenti, c.ü.f.d. Vüqar Dərgahov “Azərbaycanda kənd və çöl turizminin inkişafının zəruriliyi” mövzusunda məruzə ilə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələrdən sonra iclas öz işini yekunlaşdırıb.