Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkiyənin Qlobal Akademiyasının təşkilatçılığı ilə Polşanın Varşava şəhərində keçirilən “Kompüter elmləri, mühəndislik və informasiya texnologiyaları üzrə 1-ci Beynəlxalq Konqres”də iştirak edib.
Alim tədbirdə “The use of satellite data in the detection of radioactive fallout on the territory of Azerbaijan” (Azərbaycan ərazisində radioaktiv tullantıların aşkar edilməsində peyk məlumatlarından istifadə) mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bildirilir ki, atom elektrik stansiyalarında mümkün qəzalar baş verdikdə ətraf mühitə bölünməz hissəciklər şəklində radioaktiv maddələrin böyük bir şəkildə axıdılması baş verir. Sonradan bu maddələr radioaktiv çöküntülər şəklində qonşu dövlətlərin ərazisində böyük məsafələrə yayılır.
Ərazi üzərində yağıntıların yaranması ilk növbədə rütubətlənmə, müxtəlif mənşəli hava kütlələrində onun qalxma və buxarlanma şərtləri ilə təyin edilir ki, bu da müəyyən şəraitdə potensial olaraq çöküntü əmələ gətirir.