Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Akademik Ramiz Məmmədov haqqında xatirələr” kitabının təqdimatı keçirilib.
Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları, alimin həmkarları, tələbələri, ailə üzvləri və s. iştirak edib.
Əvvəlcə akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov R.Məmmədovun elm tarixində tutduğu mövqeyi, coğrafiya elminin inkişafındakı rolu və Azərbaycan elminə verdiyi töhfələr, Xəzər dənizi ilə bağlılığı, Coğrafiya İnstitutundakı və pedaqoji fəaliyyəti haqqında danışaraq bildirib ki, Ramiz müəllim bir elm fədaisi idi. Müstəqilliyin ilk illərində yaranan çətinliklərə baxmayaraq o, qısa müddətdə coğrafiya elminin əvvəlki şöhrətini özünə qaytardı. Əsasən Xəzərin tədqiqi ilə məşğul olsa da, ümumiyyətlə, coğrafiyanın inkişafı üçün daim çalışıb, onlarla xəritə və monoqrafiyanın, yüzlərlə elmi məqalənin müəllifidir. Kitabları ABŞ-da, Moskvada, Brüsseldə, Tehranda, Tbilisidə, Kanadada və s. ölkələrdə nəşr olunub. Onun rəhbərliyi ilə “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyi Dövlət Mükafatına layiq görülüb.
İnstitut direktoru akademikin xarici əlaqələrindən bəhs edərkən, alimin özünün dediyi kimi, onun Bermud üçbucağı da daxil olmaqla, 4 dünya okeanının hamısında üzüb və işləyən Azərbaycan elm tarixində bəlkə də yeganə tədqiqatçı olduğunu diqqətə çatdırıb. R.Məmmədovun 20-yədək beynəlxalq layihənin rəhbəri və həmrəhbəri olduğunu, qabaqcıl ölkələrin alimlərinin iştirak etdiyi müsabiqələrdə qalib olmuş bir azərbaycanlı kimi qürur duyduğunu xüsusi vurğulayıb.
Zakir Eminov mərhum akademikin gənc kadrların yetişməsindəki əməyindən, elmi tədqiqatların aparılmasında, eləcə də xəritələrin tərtibində müasir texniki vasitələrdən istifadəyə geniş yer ayırmasından, onun prezident kimi Azərbaycan Coğrafiya Cəmiyyətindəki fəaliyyətindən danışıb. Gənc nəsillərin hələ üzün illər alimin əsərlərindən bəhrələnəcəyini qeyd edən İnstitut rəhbəri tədbir iştirakçılarını alim haqqında lentə alınmış bir neçə qısametrajlı filmlərdən birinə tamaşa etməyə dəvət edib.
Filmin nümayişindən sonra tədbirin iştirakçıları akademik Ramiz Məmmədov haqqında xatirələrini bölüşüblər.
Sonda mərhumun həyat yoldaşı Xasiyət xanım tədbirin təşkilinə görə ailə üzvləri adından İnstitut rəhbərliyinə təşəkkürünü bildirib.