Özbəkistanın paytaxtı Daşkənd şəhərində hibrid formatda 30 ölkədən 138 qurum və universitetdən 276 alimin iştirak etdiyi 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi (7th International EMI Entrepreneurship & Social Sciences Congress) keçirilib.
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, İnstitutun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, eləcə də ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, filialın baş müəllimi Sərxan Cəfərov və Xəzər Universitetinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Milana Abbasova Azərbaycanı bu beynəlxalq konqresdə təmsil ediblər.
İnstitut rəhbəri Z.Eminov Beynəlxalq konqresin açılış sessiyasında elm və təhsilin inteqrasiyası, bu sahədə türkdilli ölkələrin əməkdaşlığı və qarşılıqlı fikir mübadiləsinin vacibliyini qeyd edib, gələcəkdə müxtəlif iqtisadi, sosial və mədəni əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb. O deyib ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir və Azərbaycan bu dövlətlər arasında inamlı və əvəzsiz körpü rolunu oynayır. Türkdilli ölkələrin çoxşaxəli əlaqələri artmaqda və inkişaf etməkdədir. Bu coğrafiyada qardaş türk respublikaları arasındakı əlaqələr daha da genişlənərsə, bunun iqtisadi və enerji baxımdan regiona böyük faydası olacaq.
Bölmə sessiyasında Z.İmrani Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinin müasir vəziyyəti, ölkə iqtisadiyyatında xarici ticarətin rolu, idxal və ixracın üstünlükləri, daxili bazar və xarici bazara çıxış yolları, iqtisadi inteqrasiyaya nail olmanın əhəmiyyəti, dünya iqtisadiyyatında xarici ticarətin üstünlükləri və digər məsələləri tədbir iştirakçilarına çatdırıb, türkdilli olkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və yeni nəqliyyat dəhlizlərinin tranzit yüklərin daşınmasında rolunu və iqtisadi inkişafa nail olmada əhəmiyyətini vurğulayıb.