AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı şəhəri Nizami rayonunun 210 №-li məktəbində fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri Coğrafiya İnstitutunda olublar.
Məktəblilər əvvəlcə AMEA-nın 2-ci mərtəbəsində İnstitutun fəaliyyətini əks etdirən sərgiyə baxıblar. GAMŞ-ın sədri Bəyimxanım Hüseynova şagirdlərə gənc alimlərin fəaliyyəti, apardıqları elmi tədqiqat işləri, müxtəlif layihələrdəki iştirakları haqqında məlumat verib. Sonra onlar İnstitutun kitabxanasında yeni çap olunmuş coğrafiyaya aid kitablar, atlas və xəritələrlə tanış olublar. “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində gənc coğrafiyaçılar GİS mütəxəssisi Elvin Soltanovun şöbənin fəaliyyəti haqqındakı məlumatını dinləyib, onun nümayiş etdirdiyi müasir texnologiyalar vasitəsilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izləyiblər.
Sonra tədbir İnstitutun akt zalında davam edib. Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov şagirdlərlə görüşüb, onlara Coğrafiya İnstitutunda görülən işlər, coğrafiya elmindəki yeniliklər və nailiyyətlər haqqında ətraflı məlumat verib, onları maraqlandıran suallara qənaətbəxş cavablar verib. Daha sonra İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Etibar Bədəlov şagirdlərə əhali coğrafiyası ilə bağlı məsələlər haqqında danışıb.
Kiçik akademiyanın üzvləri öz növbəsində məktəbdə gördükləri işlər, akademiyanın fəaliyyəti haqqında məlumat veriblər.
Sonda məktəbin coğrafiya müəllimi Səkinə Hüseynova tədbirin təşkilinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirib. Belə tədbirlərin mütəmadi keçirilməsinin şagirdlərin dünyagörüşünün artmasında və peşə yönümündə oynadığı rolu xüsusi olaraq vurğulayıb.