Nurəddin Kərəmovun 110 illik yubileyinə həsr olunmuş konfrans keçirilib 2022-06-13 16:38:00 / KONFRANSLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanda landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində N.K.Kərəmovun rolu” mövzusunda elmi praktik konfrans keçirilib.

Tanınmış coğrafiyaçı-landşaftşünas alim,  Azərbaycanın əməkdar elm xadimi, coğrafiyaya elmləri doktoru, professor Nurəddin Kərəmovun  110 illik yubileyinə həsr olunmuş tədbir alimin doğulduğu Şamaxı şəhərində baş tutub. Konfransda Coğrafiya İnstitutunun əməkdaşları, rayonun coğrafiya müəllimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

İlk əvvəl məzarı önündə alimin xatirəsi gül-çiçək dəstələri ilə yad edilib, ruhuna dualar edilib. Sonra tədbir Şamaxı İncəsənət Təhsili Mərkəzində davam edib.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov konfransı giriş sözü ilə açaraq Azərbaycanda landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində Nurəddin Kərəmovun xüsusi rolundan, onun bu istiqamətdə gördüyü işlərdən danışıb,  100-ə yaxın məqalənin müəllifi olan alimin Bakıda və Moskvada çap edilmiş H.Z. Şirvaninin həyat və yaradıcılığına həsr etdiyi  «Qırx il səyahətdə» kitabından geniş söhbət açıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq Azərbaycan mədəniyyətinin və elminin inkişafında Şamaxının rolu, coğrafiya elminin inkişafı istiqamətində görkəmli alim, həmyerlisi Nurəddin Kərəmovun göstərdiyi xidmətlərdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin ölkəmizdə elmə və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Konfransda çıxış edən İnstitut əməkdaşları, şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorlar Mirnuh İsmayılov, İsmayıl Quliyev və böyük elmi işçi, c.ü.f.d. Etibar Bədəlov landşaftşünas alimin coğrafiya elminin inkişafındakı rolundan danışıblar, birgə işlədikləri dövrdə onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir alimə həsr olunmuş sərginin  nümayişi ilə başa çatıb.