AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Lerik rayonunun sürüşməyə meylli ərazilərdə aparılan araşdırmalar haqqında məlumat verib.
ARB 24 televiziya kanalına müsahibə verən alim bildirib ki, İnstitut mütəxəssisləri Lerikin Haftoni, Lərmərud, Nücü və s. kimi irili-xırdalı kəndlərinin yerləşdiyi sürüşməyə meylli Dırığ zonasında geniş tədqiqat işləri aparıblar. Ərazi içində iri qayma daşlarının olması ilə digərlərindən fərqlənən süxurlarla örtülmüşdür ki, bu da onların öyrənilməsinə fərqli yanaşma tələb edir. Uzun tarixi dövr ərzində bu sahələr insanlar tərəfindən yaşayış üçün mənimsənilmiş, meşələr qırılmış, yamaclar şumlanmışdır. İşlər düzgün aparılmadığından ərazidə sürüşmələr fəallaşmağa başlamışdır. Lərmərud kəndində bir evin həyətyanı sahəsi ilə birlikdə torpaq altında qaldığını, həmin evin ətrafında yeni çatlar yarandığına görə 11 evin sürüşmə zonasına çevrildiyini müşahidə edən tədqiqatçılar həmin evlərin nisbətən təhlükəsiz sahələrə köçürülməsini məqsədəuyğun hesab edib, orada yamac bərkidilməsi işləri aparılmasının sərfəli olmadığını və dövlətə daha baha başa gələcəyini diqqətə çatdırıblar.