AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra iyun ayında Coğrafiya İnstitutunun sabiq direktoru, Azərbaycan coğrafiya elminin inkişafında böyük əməyi olan akademik Ramiz Məmmədovun vəfatının bir ili tamam olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, İnstitut əməkdaşlarının alim haqqındakı xatirələrinin toplanaraq kitab halında nəşr olunması onun xatirəsinə bir töhfə olar. Xatirə kitabının hazırlanması iclas iştirakçıları tərəfindən razılıqla qarşılanıb.
Sonra Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusovun 5-6 may 2022-ci ildə keçirilən doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məruzəsi dinlənilib. Şura üzvləri Attestasiya komissiyasının qərarını yekdilliklə qəbul ediblər.
Görkəmli alim, coğrafiyaya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Nurəddin Kərəmovun 110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin vəziyyəti müzakirə edilib. Qərara alınıb ki, konfrans bu il iyun ayının 10-da alimin doğulduğu Şamaxı şəhərində keçirilsin.
İclasda həmçinin Şuşanın albom-xəritəsinin, eləcə də “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildinin hazırlanmasının vəziyyəti və digər məsələlər də müzakirə edilib.