AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.
Tədbir iştirakçıları qətliam günlərində həlak olmuş azərbaycanlıların, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun baş direktoru, c.e.d. Z.Eminov çıxış edərək prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında" fərmanına əsasən 1998-ci il martın 26-dan etibarən 31 Mart tarixinin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixləri arasında azərbaycanlılara qarşı törədilən soyqırım zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb, bir çox qədim binalar, tarixi abidələr dağıdılıb. Və bu vəhşilik tariximizin bu gününədək müxtəlif fasilələrlə davam etdirilib. Azərbaycanlıların soyqırım faktlarının tanınması və düzgün qiymətləndirilməsi ədalətin bərpası işində böyük əhəmiyyət kəsb edir.
Sonra gündəlikdə duran bir sıra məsələlərə baxılıb, İnstitutun strukturunda bəzi dəyişikliklər edilib. C.e.d. Rza Mahmudov İnstitutun Elmi şurasının sədr müavini seçilib, Xəzər dənizi bölməsindəki dəyişikliklərə baxılaraq 2 şöbə halında saxlanılması qərara alınıb. Tədbirdə həmçinin işə davamiyyət, doktorant və dissertantların attestasiyası, 2022-ci ildə keçiriləcək konfranslara hazırlıq və s. kimi məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.