Cİ əməkdaşları Şuşa səfərindən aldıqları təəssüratları bölüşüblər 2022-02-16 17:26:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, c.ü.f.d. Səidə Zeynalova və  böyük laborant Aminə Muradova Qarabağa, birincinin vətəni olan Şuşaya səfər edib, təəssüratlarını bölüşüblər.

Yazını yığcam şəkildə diqqətinizə təqdim edirik:

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya  2 günlük səfərə çıxdıq. Rastlaşdığımız mənzərələr  həm ürək ağrıdır, həm də sevinc hissləri oyadırdı.

Nəhayət ki vətəni - Şuşa şəhərini görmək nəsib oldu. Yol boyu belliqerativ landşaftların (işğaldan azad olan  ərazilərdə yaranan landşaftlar),  işğalçıların təbiətə vurduğu ziyanların, ekogenosidin şahidi olduq. Səfər zamanı Ermənistanın işğalçılıq dövründə törətdiyi vandalizmin və dağıntıların nəticələrini müşahidə etdik, işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə, şəhərin tarixi irsi, eyni zamanda, abadlıq-quruculuq işləri ilə də tanış olduq.

Yol boyu Füzuli, Xocavənd və Şuşa rayonlarının dağılmış kəndləri bir-birini əvəz edirdi. Bu ərazilərdə mina və müxtəlif partlayıcılarla çirklənmiş, düşmənin müdafiə sədləri və səngərlərlə tamlığı pozulmuş landşaftlar müşahidə olunurdu. Düşmən tapdağından azad olunmuş ərazilərdə bərpa-təmir işləri də nəzərə çarpırdı.

Şuşa qalası divarlarını, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları - Bülbül, Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvanın gülləbəran edilmiş heykəllərini, Bülbülün ev muzeyini, Yuxarı Gövhər Ağa məscidini, Vaqifin məqbərəsini, Cıdır düzünü, 30 il ərzində ermənilər tərəfindən istismar olunmuş inzibati və yaşayış binalarını ziyarət etdik”.