AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının ikinci nəşri işıq üzü görüb.
Kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, redaktorları coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani, Mirnuh İsmayılov və mərhum Nizami Əyyubovdur. Nəşr coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev və mərhum Məhərrəm Həsənov tərəfindən tərtib edilib.
Kitabda respublikamızda coğrafiya elminin inkişafında, onun təbii şəraitinin və ehtiyatlarının öyrənilməsində xidmətləri olmuş bütün coğrafiyaçı alimlər haqqında ensiklopedik məlumat toplanıb. Kitabda hər bir alimin elmə verdiyi töhfələr qısa şəkildə təhlil edilir, elmi işlərindən tətbiq edilmiş nəticələr göstərilir, nəşr etdirdikləri mühüm məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti ayrıca qeyd edilir.
Toplu elmi və tarixi əhəmiyyət daşımaqla, son 100 ildən artıq bir dövrdə işləyib yaratmış coğrafiyaçıların fəaliyyətinə işıq salan bir mənbə rolunu oynayır.