AMEA-nın “Həyat və biotəbabət haqqında elm” (Journal of Life Sciences and Biomedicine) jurnalında AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun həmmüəllif olduğu məqalə nəşr edilib.
“Mapping of LC/LU changes inside the Aghdam district of the Karabakh economics region applying object-based satellite image analysis” (“Qarabağ iqtisadi rayonunun torpaq örtüyü və torpaqdan istifadədə dəyişikliklərin Ağdam rayonu daxilində peyk şəkillərinin obyekt yönümlü təhlili əsasında xəritələşdirilməsi”) adlı məqalədə bildirilir ki, 2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib: bitki örtüyü əhəmiyyətli dərəcədə azalmış (10,2%), kənd təsərrüfatı üçün yararsız sahələr artmışdır (11,8%) . Ən yaxın qonşu təsnifatı metodu (NNC) əsasında torpaqdan istifadə üzrə bir sıra neqativ dəyişikliklər aşkar edilmişdir: meşə və otlaq sahələri 9,8% azalmış, deqradasiya olunmuş torpaq sahələri 35%-ə qədər, qeyri-münbit torpaq sahələri isə 4,4%-ə qədər artmışdır.
Müəlliflər bildirirlər ki, səlahiyyətli orqanların bərpa və layihə işlərinə başlamaq haqqında qərar vermələrindən əvvəl, işğaldan azad edilmiş rayonların hazırkı vəziyyətinin hərtərəfli analizi və xəritələşdirilməsi coğrafiyaçıların, ekoloqların və uzaqdan alqılama mütəxəssislərinin ən təxirəsalınmaz vəzifəsinə çevrilməlidir.