2013-cü il, iyunun 24-də AMEA-nın Coğrafiya İnstitutunda akademiyanın prezidenti ilə görüş keçirildi. İnstitut əməkdaşları böyük məmnuniyyətlə bu görüşdə iştirak edirdilər. Hətta məzuniyyət və ezamiyyətdə olan bəzi işçilər də bu görüş üçün instituta dönmüşdülər.
Akademik A.Əlizadə hamını salamlayaraq dedi ki, bura gələndə öz doğma kollektivi ilə görüşə gəldiyini hesab edir. O bildirdi ki, Coğrafiya İnstitutunun Yer elmləri bölməsində həmişə öz yeri, öz dəsti-xətti olub. İnstitut kollektivi püxtələşmiş bir kollektivdir. İnstituta gəlişinin əsas səbəbini açıqlayaraq dedi ki, bu yaxınlarda AMEA-nin Rəyasət Heyyətinin iclası olacaq və həmin iclasda İnstitutun direktor əvəzi vəzifəsini icra edən şəxsi təsdiq edən Fərman qəbul ediləcək. Artıq 8 aydır ki, professor Ramiz Məmmədov bu vəzifəni icra edir, və mən hesab edirəm ki, bu işin öhdəsindən layiqincə gəlir. Ramiz müəllim elmə verdiyi töhfələri, təcrübəsi, əməyi ilə seçilən, yeniliyi sevən, gəncləri dəstəkləyən, yeni texnologiyalara üstünlük verən, kollektivin hörmətini qazanmış bir alimdir. Bununla belə, iddiasında olan, özünə güvənən hər bir şəxs öz namizədliyini verə bilər. Eyni zamanda, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə c.e.d. Elbrus Əlizadənin namizədliyi irəli sürülür ki, o da Azərbaycanın hüdudlarından kənarda tanınmış bir alimdir. Biz ümid edirik ki, Ramiz müəllim və Elbrus müəllimin təmsil etdiyi Coğrafiya İnstitutunun gələcək imkanları daha da genişlənəcək, dərinləşəcəkdir. Mən Ramiz müəllimdən xahiş edərdim ki, necə ki öz tədqiqatlarını müasirləşdirib, bugünün tələblərinə cavab verən istiqaməti seçib, kollektivi də həmin prioritet istiqamətdə inkişaf etdirsin.
Bundan başqa AMEA-nın prezidenti elmi ekspedisiyalarla məşğul olan institutların imkanlarını artırmaq məqsədilə “Elmi ekspedisiyalarin əsasnaməsi” layihəsinin hazırlanması haqqında məlumat verdi və institut əməkdaşlarının bu yönəmdə öz təkliflərini verə bilmələrini diqqətə çatdırdı.
A.Əlizadə Xəzər dənizi problemləri şöbəsi əməkdaşının Xəzər institutunun yaradılması barəsindəki sualına cavab olaraq bildirdi ki, bu onun da arzusudur və gələcəkdə bu məsələ öz həllini tapacaq.
Akademiyanın prezidenti hələ qabaqda görüləcək çoxlu işlər, planlar barəsində danışdı, institut əməkdaşlarının suallarına ətraflı cavablar verdi. C.e.n. H.Haqverdiyev institut adından A.Əlizadəni AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona bu çətin, məsul işində uğurlar arzu etdi. Digər çıxış edənlər də - c.e.d. R.Qaşqay, k/t.e.n. Ə.Əliyev, f/r e.n. N.Əhmədov və b. öz ürək sözlərini, arzu və təkliflərini, hörmətli akademikə çatdırdılar.
Sonunda İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor R.Məmmədov akademiyanın prezidentinə öz təşəkkürünü bildirdi, qarşıda duran problemlərin həllində ona uğurlar arzuladı və yada saldı ki, 18 il əvvəl onun Coğrafiya İnstitutuna direktor müavini təyin olunması da A.Əlizadənin təkidi ilə baş tutub.
AMEA-nin prezidenti öz tərəfindən institut əməkdaşlarına təşəkkürünü bildirdi və xoş arzularla İnstitutdan ayrıldı.