Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib. Tədbir görkəmli geoloq alim, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ələşrəf Veysəl oğlu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunub.
Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edərək alimin elmi yaradıcılığından və elmi-təşkilati fəaliyyətindən söz açıb. O bildirib ki, Ə.Məmmədov 30 il Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinə rəhbərlik edib. Regional geologiya, tektonika, dördüncü dövr geologiyası və paleocoğrafiyası sahələri üzrə fəaliyyət göstərən akademikin əsas elmi tədqiqatları Qafqazın, o cümlədən Azərbaycanın və Xəzər dənizinin geoloji quruluşunun, geoloji inkişaf tarixinin öyrənilməsinə, Cənubi Qafqazın iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, ibtidai insan cəmiyyətlərinin formalaşmasında və inkişafında təbii mühitin rolunun tədqiqinə həsr olunub. Ə.Məmmədov 10 kitabın, 300-dən artıq elmi əsərin müəllifidir, üç elmlər doktoru, 8 fəlsəfə doktoru hazırlayıb.
Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya elmləri doktorları Əmir Əliyev və Yelena Tağıyeva da söz alaraq, akademiklə bağlı xatirələrini danışıblar, onun elmi fəaliyyətindən söhbət açıblar.