Akademik Ramiz Mehdiyev: “Rusiya ilə Azərbaycan arasındakı mehriban qonşuluq münasibətləri elm sahəsində də əməkdaşlığımız üçün möhkəm zəmin yaradır” 2021-11-26 22:41:00 / MÜHÜM HADİSƏLƏR

Rusiya-Azərbaycan münasibətlərinin ən etibarlı platformasını xalqlarımız arasındakı mehriban münasibətlər, uzun əsrlərin dostluq və qonşuluq münasibətləri, qırılmaz humanitar bağlar təşkil edir. Sabitləşmiş elmi təcrübə və ənənələrə, orijinal humanitar resurslara malik Rusiya ilə humanitar və mədəni əlaqələr, o cümlədən elmi əməkdaşlıq  Azərbaycan üçün olduqca önəmlidir.

Bu fikirləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü zamanı səsləndirib.

Akademik Ramiz Mehdiyev rus elminin dünya miqyasında tanınmış nümayəndələrini doğma Vətənimizdə salamlamaqdan və müqəddəs elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasında görməkdən böyük məmnunluq hissi keçirdiyini söyləyib.

Sonuncu dəfə akademik A.Sergeyevin 2019-cu ildə Azərbaycanda olduğunu xatırladan R.Mehdiyev iki il ərzində ölkəmizdə kardinal dəyişikliklərin baş verdiyini, sözün həqiqi mənasında, Azərbaycanın  öz tarixi inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, bu dəyişikliyin əsasında, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dayanır.

Akademik hazırda ölkənin yeni inkişaf xəttinə uyğun olaraq Elmlər Akademiyasında “2022-2030-cu illər üzrə Azərbaycanda elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlandığını, onun icrası istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyən AMEA prezidenti regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın Azərbaycan tərəfindən əvəzolunmaz amil kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Akademikin fikrincə, multikulturalizm, tolerantlıq, müxtəlif mədəniyyətlərin birgə və qarşılıqlı zənginləşməsi ideyası Azərbaycanda dövlət ideologiyası səviyyəsindədir. Azərbaycan istər daxili, istərsə də xarici siyasəti ilə bu ideologiyaya sadiq qaldığını sübut edir.

“Qədim və zəngin elmi ənənələri olan Azərbaycan elminin son iki yüz illik tarixi Rusiya elmi düşüncəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etmişdir”, - deyən akademik xüsusən sovet hakimiyyəti illərində vahid akademik sistem daxilində bu əlaqələrin daha sıx olduğunu, mühüm elmi nəticələrin əldə edilməsində, yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm nailiyyətlərin əldə edildiyini söyləyib.

R.Mehdiyev nitqində iki elmi qurum arasında baş tutan bu tarixi görüşün Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətindən də söz açıb. İki ölkə arasında imzalanan Yol Xəritəsinin Rusiya Elmlər Akademiyası ilə elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və hər iki tərəf üçün prioritet hesab olunan sahələr üzrə uzunmüddətli elmi əlaqələrin gücləndirilməsini nəzərdə tutduğunu bildirib.

AMEA-nın rəhbəri Rusiya ilə elmi əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan elmində bundan sonra əsas istiqamətlərdən birini təşkil edəcəyini vurğulayaraq, Rusiya Elmlər Akademiyasından olan nümayəndə heyətinin əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərinə inamını ifadə edib.

AMEA-nın prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı mehriban qonşuluq münasibətləri, dövlətlərimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr elm sahəsində də əməkdaşlığımız üçün möhkəm zəmin yaradır. Biz bu imkanlardan istifadə etməli, elmi əməkdaşlıq əlaqələrimizi bundan sonra daha da möhkəmləndirməliyik: “Yol Xəritəsinin arzu etdiyimiz səviyyədə funksionallaşması, yeni əməkdaşlıq perspektivlərini müəyyənləşdirən sənədə çevrilməsi isə hər iki tərəfin qarşılıqlı səylərindən bilavasitə asılıdır. Bunun üçün biz səylərimizi daha da gücləndirməliyik”.

AMEA-nın prezidenti nitqinin sonunda Rusiya Elmlər Akademiyasından olan qonaqların ölkəmizdən ən xoş təəssüratlar və xoş xatirələrlə ayrılacaqlarına əminliyini ifadə edib, nümayəndə heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

https://science.gov.az/az/news/open/18933